Akademik Əlisöhbət Sumbatzadə Azərbaycanda iqtisadiyyat və tarix elmlərinin inkişafına layiqli töhfələr verib
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də AMEA-da İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas və tarixçi-alim, Əməkdar elm xadimi, akademik Əlisöhbət Sumbatzadənin anadan olmasının 110 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda institutun direktoru, professor Nazim İmanov fundamental tədqiqatları ilə XX əsr Azərbaycan elmində öz imzasını əbədiləşdirmiş görkəmli elm xadiminin ömür yoluna nəzər salıb. Bildirib ki, ölkəmizdə iqtisad elminin bir sıra istiqamətlərinin inkişafında, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında mühüm xidmətləri olan alim zəngin elmi irs qoyub.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova görkəmli alimin həyatı və səmərəli elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Ə.Sumbatzadənin bacarıqlı elm təşkilatçısı olduğunu deyən N.Axundova onun elmi kadrların hazırlanmasında misilsiz xidmətlərindən, apardığı tədqiqatların miqyasının genişliyindən, monoqrafik əsərlərinin mövzuları arasında əlaqənin dinamikliyindən, mövcud iqtisadi nəzəriyyələrin praktik əhəmiyyətini əsas götürməsindən, beynəlxalq aləmdə nüfuzundan bəhs edib. Bildirilib ki, Ə.Sumbatzadə 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1963-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963-1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi olub. 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb. O, tarix, iqtisadiyyat, etnoqrafiya, fəlsəfə, şərqşünaslıq, etnogenez və digər elm sahələrinin inkişafına layiqli töhfələr verib.
Diqqətə çatdırılıb ki, əsasən XIX və XX əsrlərin əvvəllərində Azərbaycanın sosial-iqtisadi tarixinin tədqiqatçısı olan Ə.Sumbatzadənin elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Alim “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilib.
Tədbirdə AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “XX əsr Azərbaycan ictimai-iqtisadi fikrinin ən görkəmli nümayəndəsi - akademik Ə.Sumbatzadə”, professor İnqilab Əlibəyovun “Şərqşünaslığın inkişafında akademik Ə.Sumbatzadənin rolu” və tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “XX əsr Azərbaycan tarixşünaslığının banilərindən biri” mövzularında məruzələri dinlənilib. Məruzəçilər alimin keçdiyi şərəfli ömür yolundan, elm sahəsində ucalmasından, sanballı əsərlərindən, zəngin elmi və ictimai fəaliyyətindən, elmin inkişafı sahəsindəki xidmətlərindən söz açıb, alimlə bağlı xatirələrini danışıblar. Onu Azərbaycanda elmin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim kimi xarakterizə ediblər.
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Ə.Sumbatzadənin Azərbaycan iqtisad, şərqşünaslıq və tarix elmlərinin inkişafındakı xidmətlərindən, məhsuldar əməyindən, xarici ölkələrdə keçirilən elmi konfranslarda ölkəmizi layiqincə təmsil etməsindən danışıb.
Digər çıxış edənlər də elmi məktəb yaratmış alimin gənc tədqiqatçılara daim dəstək olduğunu söyləyiblər.