Akademik İradə Hüseynova: Alimlər Qarabağ Elmi-Tədqiqat Bazasında geniş tədqiqat işləri aparacaqlar
Tərtər, 22 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun Şıxarx qəsəbəsində “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarının keçirilməsi alimlərin böyük qayıdışının ilk başlanğıcı oldu.
Bunu Tərtərdə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova deyib.
“Tarla seminarı zamanı Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları, mütəxəssislər buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri ilə bağlı müzakirələr aparıb, eyni zamanda, ilkin əkin prosesini həyata keçiriblər. Vətən müharibəsindəki şanlı Zəfərə, bizə bu xoşbəxtliyi yaşatdığına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Akademiyanın alimləri bundan sonra da Qarabağ Elmi-Tədqiqat Bazasında geniş tədqiqat işləri aparacaq, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında və Qarabağ bölgəsinin cənnətə çevrilməsində yaxından iştirak edəcəklər”, - deyə İradə Hüseynova bildirib.