Akademik İsa Həbibbəyli: Dissertasiya mövzularını müəyyənləşdirərkən müasir elmin qarşısında duran vəzifələr nəzərə alınmalıdır
Bakı, 1 mart, AZƏRTAC
Dissertasiya mövzularını müəyyənləşdirərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələr nəzərə alınmalı, eyni zamanda, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməlidir.
Bunu martın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Humanitar Elmlər Bölməsinin ümumi iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda bölmənin elmi müəssisələrində 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya, elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub.
Bölmənin akademik-katibi, akademik Teymur Kərimli doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük verilməsini tövsiyə edib.
Müzakirələrdən sonra bölmə qəbulun nəticələrini təsdiq edib, mövzuların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb.