Akademik Şahin Mustafayev “Rəqəmsal şərqşünaslıq” elmi jurnalının beynəlxalq redaksiya heyətinə üzv seçilib
Bakı, 21 may, AZƏRTAC
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini akademik Şahin Mustafayev Rusiyada yeni nəşrə başlayan “Rəqəmsal şərqşünaslıq” (Orientalia Digital) elmi jurnalının beynəlxalq redaksiya heyətinə üzv seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi rəhbəri akademik Vitali Naumkin tərəfindən Şahin Mustafayevə ünvanlanan dəvət məktubunda Azərbaycan aliminin böyük elmi təcrübəsi və aktiv tədqiqat fəaliyyəti nəzərə alınaraq, onun yeni nəşrə başlayan jurnalın redaksiya heyətinə üzv seçildiyi qeyd olunub.
“Orientalia Digital” jurnalı öz səhifələrində dünyada rəqəmsal transformasiyalar dövründə müxtəlif elmi görüşlərin və orijinal tədqiqatların nəticələrini əks etdirməyi qarşıya məqsəd qoyan dövri mətbu orqanı olacaq. Burada yalnız şərqşünaslıq sahəsində yeni elmi metodologiyalar haqqında deyil, həm də Şərq cəmiyyətlərində rəqəmsal dəyişmələr, Şərq və Qərbin tarixi əlaqələri və qarşılıqlı təsiri haqqında materiallar dərc olunacaq.