ELM VƏ TƏHSİL
Akademik: Vətən müharibəsinin nəticələri xalqımız üçün tarixi əhəmiyyət daşıyır
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə institutun baş direktoru akademik İradə Hüseynova qeyd edib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillərdir: “Vətən müharibəsinin nəticələri xalqımız üçün tarixi əhəmiyyət daşıyır. Əldə etdiyimiz Qələbə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatdı. Qələbəmizin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan regionun ən güclü ordusuna malik ölkə kimi özünü təsdiqlədi. Prezident İlham Əliyevin uzaqgörənliklə və qəti iradə ilə apardığı siyasət nəticəsində indi Xankəndidə Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində hazırda Azərbaycanı bir çox dünya ölkələri tanıyır və COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi buna bariz sübutdur. Bu tədbirin ölkəmizdə keçirilməsinin mühüm tərəflərindən biri odur ki, dünyanın hər yerindən gələcək qonaqlar işğaldan azad edilmiş rayonlarımıza səfər edəcək, bu ərazilərimizlə yaxından tanış olacaq”.
Akademik İradə Hüseynova MBBİ kollektivinin əməkdaşları arasında da Birinci Qarabağ müharibəsinin əlilləri və iştirakçılarının, İkinci Qarabağ müharibəsində yaxınlarını itirən, övladları qazi olan əməkdaşların olduğunu xüsusi qeyd edib.
AMEA-nın müxbir üzvü İbrahim Əzizov, qazi Arif Cəbrayılovun anası, biologiya üzrə fəlsəfə doktoru Mayaxanım Xanışova, qardaşı müharibədə qəhrəmancasına döyüşən və Birinci Qarabağ müharibəsində yaxın qohumu şəhid olan Aygün Sadiqova, kiçik elmi işçi Məhbubə Həmidova, Təchizat və xidmət şöbəsinin əməkdaşları Vəzir Əzizov və Bəhram Daşdəmirov çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər.
Tədbirdə Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Sonra atası MBBİ-nin əməkdaşı olan müharibə iştirakçısı Əvəzxan Əzizov tarixi Zəfərimizə həsr olunmuş musiqi nömrələri ilə çıxış edib. İnstitutun kiçik elmi işçisi Könül Cümşüdlü və baş kitabxanaçı Nərmin Əliyeva Zəfər Günü münasibətilə mahnı ifa ediblər.