Akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə ölkənin tibb sahəsinin inkişafına mühüm töhfələr verib
Ağdam, 28 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin, xüsusilə oftalmologiyanın inkişafındakı müstəsna xidmətlərindən bəhs edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev, rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov və başqaları çıxış edərək Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, zəngin elmi fəaliyyətindən, qazandığı uğurlardan danışıblar. Bildirilib ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftalmoloq alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirmə təklifinin müəllifidir. Yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanım elmi fəaliyyəti ilə bütünlükdə ölkənin tibb sahəsinin inkişafına mühüm töhfələr verib.
Çıxışlarda vurğulanıb ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, tanınmış həkim, alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.