“Akkord” korporasiyası Gürcüstanda Kutaisi dolama yolunun inşasını davam etdirir
Bakı, 16 noyabr (AZƏRTAC). “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gürcüstanın törəmə müəssisəsi olan “Akkord Georgia” vasitəsilə icra etdiyi layihələrdən biri də tikintisinə 2012-ci ilin fevral ayında başlanmış Kutaisi dolama yolu layihəsidir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 17,3 kilometr uzunluğu olan beton örtüklü yol qonşu ölkələrlə tranzit yükdaşımalarda istifadə edilən iri tonnajlı avtomobillərin Kutaisi şəhərinə daxil olmadan sərbəst hərəkətinin təmin edilməsi məqsədi daşıyır. Layihənin başlanğıcından Türkiyə Respublikası istiqamətində çəkilən yol üzərində 6 körpü və 4 yol keçidinin inşası nəzərdə tutulur.
2013-cü ilin iyul ayına olan məlumata əsasən, layihədə nəzərdə tutulan 2 milyon 450 min kubmetr torpaq işlərindən 1 milyon 700 min kubmetri yerinə yetirilmiş, yolun 6,7 kilometr hissəsinə beton örtük salınmışdır. Yolun mühafizə səddinin tamamlanması noyabr ayının sonunadək başa çatdırılacaqdır.
Yol üzərindəki Naxşirqala körpüsü (99 metr), Çişura körpüsü (462 metr), Tskalsiteli körpüsü (99 metr), Rioni kanal körpüsü (33 metr), Rioni çay körpüsü (792 metr) üzrə işlər tamamlanma mərhələsindədir. Hər biri 33 metrlik 4 yol keçidi tirlərin qoyulması üçün hazır vəziyyətə gətirilmişdir. Layihədə dolama yolun dəmiryolu xətti ilə kəsişməsində 462 metr uzunluğunda daha bir körpünün - dəmiryolu körpüsünün tikintisini də nəzərdə tutulmuşdur və hazırda bu istiqamətdə işlər davam edir.
Gürcüstanın ən gur çayı olan Rioninin üç qolu üzərində tikilən 792 metrlik körpü öz mürəkkəbliyi ilə fərqlənir. “Akkord” korporasiyasının mütəxəssisləri müvafiq svay işlərinin aparılması üçün çayın məcrasını dəyişib suyu yeni yaradılmış yatağa istiqamətləndirmişlər. Bütövlükdə 24 aşırımdan ibarət olacaq körpünün 20 aşırımında işlər başa çatdırılmışdır.
Kutaisi dolama yolu layihəsinin icrası üçün “Akkord” tərəfindən ərazidə 4 qum-çınqıl karxanası, 2 daşdoğrayan qurğu, 3 beton zavodu, habelə asfalt zavodu və dəmir-beton tirlər zavodu qurulmuşdur. Həmçinin qırmadaş, qum, beton və asfalt məhsulunun analizi üçün müasir təchizatlı laboratoriya yaradılmışdır.
Hazırda yolun tikintisi sürətlə davam etdirilir.