Aktauda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Aktau, 7 may, AZƏRTAC
Azərbaycanın Aktaudakı baş konsulluğu ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi” və Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyəti ilə birgə təşkil olunmuş tədbirdə universitetin rəhbərliyi və tələbələrlə yanaşı, Atırau vilayətin Akimliyinin (qubernatorluğunun) nümayəndələri, vilayətdə fəaliyyət göstərən milli mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, filologiya elmləri doktoru Güljan Carasova ulu öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafındakı, iki qardaş xalq arasında əlaqələrin möhkənləndirilməsindəki xidmətlərindən danışıb.
Prorektor baş konsulluq tərəfindən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə birdəfəlik Heydər Əliyev təqaüdünün verilməsini yüksək qiymətləndirib.
Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən danışıb. Elxan Zeynalov artıq yeddinci il təqdim olunan təqaüdün qaliblərinin universiteti əla qiymətlərlə oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələrin arasından seçildiyini bildirib.
Daha sonra Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıb.
Çıxışlardan sonra universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev adına təqaüdə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən suvenirlər, baş konsulluq tərəfindən nəşr etdirilmiş “İki xalq - bir tale” kitabları, həmçinin Atırau vilayətindən fəaliyyət göstərən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə hər bir tələbəyə təqaüd təqdim edilib.
Heydər Əliyev təqaüdünə layiq görülmüş tələbələr, onlara göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Atırau vilayət akiminin (qubernatorunun) Qazaxıstan Xalqları Assambleyasının Atırau təşkilatı üzrə müavini Gülmirə Şakirova təşkil olunan bu cür tədbirlərin Azərbaycan haqqında daha geniş məlumatlar əldə etmək imkanı yaratdığını, həmçinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau