ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə kütləvi informasiya vasitələri üçün brifinq keçirmişdir.
M.Abbaszadə bildirmişdir ki, mayın 31-də 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə ərizə qəbulu başa çatmışdır.
TQDK-nın sədri demişdir ki, III ixtisas qrupu üzrə imtahan iyunun 29- da, I ixtisas qrupunun imtahanı iyulun 8-də, II ixtisas qrupunun imtahanı iyulun 14-də, IV ixtisas qrupunun imtahanı isə iyulun 20-də keçiriləcəkdir.
Məleykə Abbaszadə vurğulamışdır ki, bu il respublikanın 34 ali məktəbinin magistr pilləsinə qəbul aparılacaqdır. Onlardan 25-i dövlət, 9-u isə özəl ali məktəblərdir. Magistraturaya imtahanlar iyunun 22-də keçiriləcəkdir.
Respublika üçün müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur. Sərəncamın icrasını təmin etmək üçün Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli qərarı ilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları” təsdiq edilmişdir. Sənədə əsasən 24 xarici ölkənin ali məktəblərində bakalavr pilləsi üzrə təhsil almaq imkanı nəzərdə tutulmuşdur.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.
######
