ALİ MƏKTƏBLƏRİN MAGİSTRATURA PİLLƏSİNƏ SƏNƏD QƏBULUNA BAŞLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinin magistratura pilləsinə sənəd qəbulu elan etmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, sənədlərin qəbulu internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Bakalavr şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və “TQDK-nın ödəmə kartı”ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olur və oradakı “Bakalavrın elektron ərizəsi”ni doldurur (“TQDK-nın ödəmə kartı”nı poçt şöbələrindən əldə etmək olar).
Sonra bakalavr iyunun 5-dən 14-dək hər gün (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək TQDK tərəfindən respublikanın magistratura pilləsinə qəbul aparılan ali məktəblərində və TQDK-da yaradılmış sənəd qəbulu komissiyalarına (SQK) sənədləri təqdim edib “Bakalavrın elektron ərizəsi”ni təsdiq etdirir.
2008-ci ildə ali məktəbi bitirən bakalavrlar elektron ərizəsini təhsil aldığı ali məktəbdə yaradılmış SQK-da, ali məktəbi əvvəlki illərdə bitirən bakalavrlar qəbul olmaq istədiyi ali təhsil müəssisələrdən birində yaradılmış SQK-da, oxuduğu ali məktəbdə SQK yaradılmayan builki məzunlar qəbul olmaq istədiyi ali məktəblərdən birində yaradılmış SQK-da təsdiq etdirirlər.
Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olmaq istəyən xarici dövlətlərin vətəndaşları TQDK-da yaradılmış SQK-da “Bakalavrın elektron ərizəsi” formasını doldurmalı və təsdiq etdirməlidirlər.
Azərbaycan Dillər Universitetinin “Fransız dili (filyer)” və ya “Alman dili (eksperiment)” ixtisaslarını seçmək hüququ olan bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurmalı və təsdiq etdirməlidirlər.
Ali məktəblərin magistratura pilləsinə qəbul olmaq istəyən şəxsin seçdiyi magistr ixtisasları onun bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır (“Magistr” jurnalı, 2008, №1, www.tqdk.gov.az).
Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır.
Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün müvafiq SQK-ya “TQDK-nın ödəmə kartı”nı və aşağıdakı sənədləri təqdim etməlidirlər:
-Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, xarici dövlətlərin vətəndaşları milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəsini;
-ölkəmizin ali məktəblərini əvvəlki illərdə bitirənlər bakalavr təhsili və ya ali təhsil haqqında diplomun əslini və məzunu olduqları təhsil müəssisəsindən verilən bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali məktəbə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən bakalavr haqqında arayışı (forma 60_1M);
-ali məktəblərin cari il məzunları müvafiq ali məktəb tərəfindən verilən təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali məktəbə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən müəyyən edilmiş formada arayışı (forma 60_2M);
-xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və xarici dövlətlərin vətəndaşları respublikamızın Təhsil Nazirliyindən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə”ni.
SQK-da bakalavrın elektron ərizəsindəki məlumatların onun sənədlərinə uyğunluğu yoxlanıldıqdan sonra ərizənin son variantı iki nüsxədə çap olunub, hər iki tərəfin imzası və SQK-nın möhürü ilə təsdiq edilir. Təsdiq edilmiş ərizənin bir nüsxəsi bakalavra verilir. Elektron ərizə formasına daxil edilmiş məlumatlara ərizə təsdiqlənən anadək düzəlişlər edilə bilər. Elektron ərizə təsdiqləndikdən sonra onda düzəlişlərin aparılmasına imkan verilmir.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı tələblər ödənilməlidir:
Təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 17-dən, ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 7-dən (tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün ingilis dilindən topladığı bal 16-dan) az olmamalıdır.
Ümumi balı 65-dən çox olan bakalavrların müsabiqəyə buraxılması üçün məntiqi təfəkkür və xarici dil üzrə (tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqə istisna olmaqla) toplanılan ballara qoyulan məhdudiyyətlər götürülür.
Türkiyə universitetlərinin magistraturasına qəbul olunmaq istəyən bakalavrlar ölkəmizin ali məktəblərinin magistratura pilləsinə qəbul olunmaq üçün nəzərdə tutulmuş elektron ərizədə Azərbaycan Respublikası ali məktəblərinin magistr ixtisaslarının kodları ilə yanaşı Türkiyə universitetlərinin magistr ixtisaslarının kodlarını da göstərirlər. Onlar Azərbaycan Respublikası ali məktəblərinin magistratura pilləsinə qəbul haqqında elanda göstərilən sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında təşkil olunmuş SQK-ya təqdim edib ərizələrini təsdiq etdirirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17).
Türkiyə universitetlərinin magistr ixtisaslarına müsabiqə Azərbaycan Respublikası ali məktəblərinin magistr ixtisaslarının müsabiqəsi ilə birgə aparılacaqdır.
Türkiyə universitetlərinin magistraturasına ölkəmizin ali məktəblərinin bakalavr pilləsini bitirmiş və ya cari ildə bakalavr pilləsinin sonuncu kursunda təhsil alan, 2008-ci il yanvarın 1-dən yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında “4”-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər. Magistratura pilləsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.
Magistraturaya qəbulla bağlı daha ətraflı məlumatı “Magistr” jurnalının 2-ci nömrəsindən və www.tqdk.gov.az internet saytından əldə etmək olar.