ALİ MƏKTƏBLƏRİN MAGİSTRATURASINA QƏBUL İMTAHANLARI KEÇİRİLMİŞDİR
Həmin proqramlar üzrə sənədlər 2005-ci il dekabrın 26-dan 2006-cı il yanvarın 15-dək TQDK–nın nəzdində yaradılan Sənəd Qəbulu Komissiyasına təqdim edilmişdir. Qəbul haqqında elan, qəbul qaydaları, ixtisaslar, qəbul imtahanının proqramları və tövsiyə olunan ədəbiyyat siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunmuşdur. “İmtahana buraxılış vərəqəsi”, “Bakalavrın vəsiqəsi” və “Yaddaş kitabçası” bu ayın 19, 20 və 21-də bakalavrlara paylanmışdır.
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, bu proqramlar üzrə magistr təhsili almaq 7 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Neft Akademiyası, Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, “Odlar Yurdu” Universiteti) mümkündür.
Plan üzrə 621 yer olmuşdur. Bunun 513-ü dövlət, 108-i isə qeyri-dövlət ali məktəblərinə ayrılmışdır. MBA proqramı üzrə 558, TEMPUS-TACİS proqramı üzrə isə 63 yer nəzərdə tutulmuşdur. Ödənişsiz əsaslarla cəmi 15 yer (Dövlət Neft Akademiyası–8, Sumqayıt Dövlət Universiteti-7 yer) ayrılmışdır. Müsabiqə Azərbaycan və rus bölmələri üçün, əsasən, birgə aparılırdı.
MBA proqramı üzrə magistraturaya, bakalavr pilləsində aldığı ixtisasın istiqamətindən asılı olmayaraq, bütün ali təhsil müəssisələrinin məzunları sənəd vermək hüququna malik olmuşlar. TEMPUS–TACİS proqramı üzrə magistraturaya isə, HS (humanitar, idman, səhiyyə, psixologiya, sosiologiya istiqamətləri) və M (maarif istiqaməti) şifrli istiqamətlər istisna olmaqla, digər bütün ixtisasları bitirən məzunların sənədlərinin qəbuluna icazə verilmişdi.
İmtahanlarda iştirak etmək istəyən 502 namizəddən 349–u ali məktəblərin Azərbaycan, 153-ü isə rus bölməsinin məzunları idi.
İmtahan üçün ayrılmış 2 saat ərzində bakalavrlar 100 suala cavab vermişlər: (TEMPUS–TACİS üzrə 25 sual ekologiya, 25 sual iqtisadiyyat, 15 sual informatika, 25 sual ingilis dili, 10 sual fizika; MBA üzrə 25 sual riyaziyyat, 25 sual ingilis dili, 20 sual məntiq, 15 sual verilənlərin təhlili, 15 sual informatika). İmtahan suallarına hər düzgün cavab bir balla qiymətləndirilmişdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir etməmişdir. Bakalavrların müsabiqəyə buraxılmaq üçün topladığı ümumi bal 50-dən az olmamışdır. Eyni zamanda, bakalavrlar ingilis dilindən təklif olunan sualların ən azı 40 faizini (25 sualdan ən azı 10-nu) düzgün cavablandırmalı idilər. İmtahanın nəticələri TQDK–nın internet saytında da yerləşdirilmişdir. TQDK-da imtahanın nəticələri barədə hər bir bakalavra arayış verilir.
Ali məktəblərin magistraturasının bu və ya digər şöbəsinə (əyani, qiyabi) yerləşdirilmiş bütün bakalavrlar sənədlərini 10 gün müddətində (fevralın 3-dək) müvafiq təhsil müəssisəsinə təqdim etməklə, qeydiyyatdan keçməlidirlər. Bakalavrların həmin müddətdə qeydiyyatdan keçməməsi, onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir.
Magistraturaya 101 nəfər qəbul olunmuşdur.