DÜNYA
Alimlər ürəyə zərər verən və qocalmanı sürətləndirən amili açıqlayıblar
Bakı, 7 noyabr, AZƏRTAC
İnsan işdən sonra gəzintiyə çıxsa belə, uzun müddət kompüter arxasında oturmaq vaxtından əvvəl qocalmağa gətirib çıxarır. Riversayd Kaliforniya Universitetinin tədqiqatçıları belə nəticəyə gəliblər.
AZƏRTAC xəbər verir ki, onlar həftədə 60 saatdan çox kompüterin qarşısında vaxt keçirdikdə ürək xəstəliklərinin və erkən yaşlanma əlamətlərinin inkişaf riskinin artdığını bildiriblər. Alimlər qeyd ediblər ki, orta yaşlı insanlar vaxtlarının çoxunu oturaraq keçirirlər. Bunlar 80-ci illərin əvvəllərindən 90-cı illərin ortalarına qədər doğulmuş insanlardır.
Mütəxəssislər gənclərdə xolesterinin səviyyəsi və bədən kütləsi indeksi kimi göstəriciləri də təhlil ediblər. Tədqiqatda 28-49 yaşlarda olan könüllülər - ümumilikdə mindən çox insan iştirak edib.
Tədqiqatın müəlliflərindən biri, Genetika, Genomika və Bioinformatika Departamentinin tədqiqatçısı Rayan Bruhlmanın qeyd etdiyi kimi, çoxları səhvən gənc yaşda yaxşı metabolizmin olmasının 50 yaşından sonra özlərini yaxşı hiss etmələrinə kömək edəcəyinə inanırlar. Bununla belə, həyat tərzi həlledici əhəmiyyət kəsb edir və gələcəkdə sağlamlığın əsasını qoyur. Həyatın məhz bu dövründə nə etdiyiniz çox vacibdir.
Alimlər əlavə ediblər ki, uzun müddət oturmağın mənfi nəticələrinin qarşısını almaq üçün gündə təxminən 20 dəqiqə orta fiziki fəaliyyət də kifayət deyil.
İnsan nə qədər çox oturursa, o qədər yaşlı görünür. Bunu deyən tədqiqatçılar kompüterdən daha çox uzaqda vaxt keçirməyi və ya ayaq üstə dayanaraq masadan istifadə etməyi, daha tez-tez gəzməyi və gündə ən azı 30 dəqiqə kardioməşq etməyi məsləhət görüblər.