Alimlər WUF13 çərçivəsində yeni əməkdaşlıq əlaqələri qurublar
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Akademiyanın iştirakı haqqında məlumat verib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik İsa Həbibbəyli çıxışında belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinin Prezident İlham Əliyevin dünyada artan nüfuzunun və dövlətimizə beynəlxalq miqyasda olan etimadın bariz göstəricisi olduğunu söyləyib. 2024-cü ildə ölkəmizdə COP29-un keçirildiyini və həmin tədbirdə dünyanın gələcəyi üçün bir sıra mühüm qərarların qəbul edildiyini deyən akademik İsa Həbibbəyli bu il WUF13-ə də beynəlxalq miqyasda böyük marağın müşahidə edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan İçərişəhərlə klassik, “Sea Breeze”lə modern, Qarabağdakı “Ağıllı şəhər” və “Ağıllı kənd”lər layihələri ilə dünyaya müasir şəhərsalmanın yeni modelini təqdim edir.
Akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin üzvlərinin, Rəyasət Heyəti aparatının, Biologiya və Tibb Elmləri Bölməsinin, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının WUF13 çərçivəsində keçirilən tədbirlərdə fəallıq göstərdiklərini söyləyib. Qeyd edib ki, WUF13 həm ölkəmiz, həm də Akademiya üçün faydalı olub, alimlərimiz gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurublar.
Akademik İsa Həbibbəyli WUF13-ün nəticələrinin ciddi şəkildə öyrənilməsi və gələcək tədqiqatlarda istifadə edilməsi üçün müvafiq tapşırıqlarını verib.