ALMANİYA DÜNYANIN QABAQCIL İXRAC ÖLKƏSİ ADINI QORUYUB SAXLAMAQ ƏZMİNDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya Federal Xarici Ticarət və Topdansatış İttifaqının məlumatında deyilir ki, 2006-cı ilin yekun hesablamalarına görə, Almaniya cari ildə də ümumdünya əmtəə istehlak və satış bazarına “Almaniyanın istehsalı” markası altında rekord səviyyədə bazaryönümlü mal ixrac etməklə 4 il ardıcıl olaraq “ixrac ölkələri içərisində dünya rekordçusu” titulunu qoruyub saxlayacaqdır.
Statistik məlumatda bildirilir ki, ümumdünya iqtisadi məkanında tənəzzülə və dünya bazarında yanacaq bahalığı, avro məzənnəsinin dolları üstələməsi kimi amillərin təsirinə baxmayaraq, Almaniya iqtisadiyyatın yüksəlişi və səmərəliliyi sayəsində təkcə 2006-ci ilin noyabrında xarici satış bazarlarına rekord səviyyədə - 84 milyard avro dəyərində əmtəə ixrac etmişdir. Bu, Almaniyanın əmtəə ixracı tarixində ən yüksək nailiyyətdir və ötən ilin müvafiq ayı ilə müqyisədə 5 milyard avro artmışdır.
Ekspertlərin dəyərləndirdiyi kimi, Almaniya şirkətlərinin Avropa İttifaqı (Aİ) məkanından kənar ölkələrlə ticarət əlaqələrini genişləndirməsi təqdirəlayiqdir. Belə ki, bu ölkələrə idxalın həcmi 31,2 milyard avrodan 32,7 avro məbləğinə, həmin ölkələrdən Almaniyaya ixracın həcmi isə 24,2 milyard avro həddinə çatmışdır.
Bütün bunlara baxmayaraq, Aİ üzvü ölkələr Almaniyanın əsas ixrac və idxal tərəfdaşları olaraq qalmaqdadır. Hesablamalara görə, Almaniya ötən illə müqayisədə bu il Aİ üzvü ölkələrə ixracın həcmini 17,7 faiz artıraraq 51,4 milyard avroya çatdırmışdır. Bu ölkələrdən isə idxalın həcmi 20,4 faiz artaraq 42,5 milyard avro təşkil etmişdir.