ALMANİYA HÖKUMƏTİ PKK TERRORÇULARINDAN ALMAN VƏTƏNDAŞLARINI AZADLIĞA BURAXMAĞI TƏLƏB EDİR
AZƏRTAC-ın xüsusi müxbiri “Reuters” informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya hökuməti iyulun 9-da Türkiyənin Doğubəyazit rayonunda 3 alman alpinistini girov götürən PKK terrorçularının tələblərini yerinə yetirmək fikrində deyildir.
PKK-ya yaxın “Fırat” informasiya agentliyi terrorçuların Almaniyanın kürd xalqına və PKK-ya qarşı apardığı düşmənçilik siyasətinə son qoymağı tələb etdiyi, əks halda alman vətəndaşlarının tezliklə azadlığa buraxılmayacağı barədə məlumat yaymışdır.
Almaniya federal xarici işlər naziri Frank-Valter Ştaynmayer cümə axşamı Berlində bildirmişdir ki, Almaniya hökuməti özünün təzyiq altında saxlanmasına yol verməyəcəkdir və terrorçulardan girov götürülən alpinistləri azadlığa buraxmağı tələb edir. Xarici İşlər Nazirliyinin böhran qərərgahı hazırda girovların azad edilməsi ilə bağlı bütün tədbirləri görür.
Eyni zamanda nazirliyin internet səhifəsində alman vətəndaşları Türkiyənin şərq bölgələrinə, xüsusilə də Hakkari, Şırnak, Mardin, Siirt, Van, Ağrı və İğdır vilayətlərinə səfər etməkdən çəkinməyə çağrılır. Xəbərdarlıqda, həmçinin PKK-ya yaxın kürddilli “Roy-TV” telekanalının yayımlarının Almaniyada qadağan edilməsi PKK terrorçuları tərəfindən alman vətəndaşlarına, xüsusilə də fərdi turistlərə qarşı qisasalma aksiyalarının (sui-qəsd, basqın, girov götürmə) törədilməsi təhlükəsinin mövcudluğu vurğulanmışdır.
Almaniya federal daxili işlər naziri Volfqanq Şoyble də PKK-nın şərtlərinin qəbuledilməz olduğunu bildirmişdir: “Alman qanunlarını tətbiq edib-etməməli olduğumuzu PKK ilə razılaşdırmaqdan söhbət gedə bilməz.” Rəhbərlik etdiyi qurumun Türkiyə orqanları ilə sıx əməkdaşlıq etdiyini və federal cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşlarının Türkiyədə yerli təhqiqatçılara dəstək göstərdiyini qeyd edən V.Şoyble, hər üç şəxsin azad olunması üçün bütün tədbirlərin görüldüyünü söyləmişdir.