DÜNYA
Almaniya: koalision hökumətdə ilk böhran - Kansler Olaf Şolts maliyyə nazirini işdən azad edib
Berlin, 7 noyabr, AZƏRTAC
Almaniyanın Federal Kansleri Olaf Şolts koalision hökumətdəki ortaqlarından olan maliyyə naziri, Azad Demokratik Partiyanın (FDP) sədri Xristian Lindleri işdən çıxardığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuat konfransında məlumat verən Kansler yanvarın 15-də federal parlamentdə hökumətə etimad səsverməsinin keçiriləcəyini bildirib.
Etimad səsverməsinin nəticələrinə əsasən, gələn il sentyabrında keçirilməli olan parlament seçkiləri daha əvvəl baş tuta bilər.
Kansler parlamentin gündəliyində yer alan bütün məsələləri Yeni il bayramına qədər səsverməyə çıxaracaqlarını, pensiyaların artırılması, sənaye sahəsində təcili addımların atılması və digər mövzuların bu çərçivədə müzakirə olunacağını qeyd edib.
Qeyd edək ki, Xristian Lindnerin Kansler Olaf Şoltsa və Yaşıllar Partiyasını təmsil edən vitse-kansler Robert Habekə göndərdiyi, iqtisadi sahədə ciddi dəyişiklikləri nəzərdə tutan 18 səhifəlik hesabatın mətbuatda yayılması koalision hökumətdə ciddi böhrana səbəb olmuşdu. Həmin sənəddə bürokratik prosedurların yüngülləşdirilməsi, bərpaolunan enerji sahəsinə ayrılan vəsaitin azaldılması və digər məsələlərlə bağlı sərt tədbirlərin görülməsi əksini tapmışdı. Sənəddə yer alan məsələlərin Sosial Demokrat Partiyası (SPD) və Yaşıllar Partiyasının siyasəti ilə uzlaşmaması koalision hökumətdə dərin böhran yaratmışdı.
Berlin