İDMAN
Almaniyada ictimai nəqliyyatda “Bakı-2015”-ə həsr olunan videoçarx nümayiş etdirilir
Bakı, 12 iyun, AZƏRTAC
Bu gündən etibarən Almaniyanın Drezden şəhərinin ictimai nəqliyyatında “Bakı-2015” I Avropa Oyunlarının açılışı ilə əlaqədar olaraq beynəlxalq idman yarışına dair videoçarxın nümayişinə başlanılıb. Drezden Alm.Az Cəmiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində videoçarx şəhərdaxili və şəhərətrafı istiqamətdə çalışan bütün növ sərnişin nəqliyyatında (ümumilikdə 117 nəqliyyat vasitəsində) quraşdırılmış monitorlarda göstərilir. Otuz saniyəlik videoçarxda Azərbaycanın bayrağı, Bakının simvolu olan Qız qalası, həmçinin paytaxtın görməli yerlərinin fotoları və Avropa Oyunları haqda qısa məlumat öz əksini tapıb.
Videoçarx 3 gün ərzində 15 dəqiqə fasilə ilə Drezden sakinlərinə və şəhərə gələn qonaqlara təqdim olunacaq. Bu müddət ərzində I Avropa Oyunlarına həsr olunan videoçarxı 550 min sərnişinin izləyəcəyi gözlənilir.
Bundan başqa, Drezden Alm.Az Cəmiyyəti şəhərin mərkəzində yerli ictimaiyyətin və digər xalqların təmsilçilərinin iştirakı ilə “Bakı -2015” I Avropa Oyunlarına həsr olunan daha bir tədbir keçirəcək.