SİYASƏT
Almaniyalı ekspert: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya ölkələri arasında öz mövqeyini möhkəmlədib
![Almaniyalı ekspert: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya ölkələri arasında öz mövqeyini möhkəmlədib](/files/2021/3/1200x630/1640246434682215689_1200x630.jpg)
Bakı, 23 dekabr, AZƏRTAC
Almaniyalı ekspert, Qafqaz araşdırmaları üzrə mütəxəssis Mattias Volf Azərbaycan Respublikasının müstəqillik illərində nail olduğu uğurları yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, M. Volf agentliyə müsahibəsində Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və sosial sahələrdə, həmçinin milli təhlükəsizliyin təminatında böyük nailiyyətlər əldə olunduğunu qeyd edib. Bu gün ölkə dünya dövlətləri arasında beynəlxalq nüfuz və müsbət imic sahibidir.
Volf deyib: “Bir il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin müddəalarını yerinə yetirdilər. Halbuki, beynəlxalq ictimaiyyət 30 il ərzində buna nail ola bilmirdi. O vaxtdan azad olunmuş rayonlarda gecə-gündüz bərpa işləri gedir. Füzulidə gözəl beynəlxalq aeroport tikilib, daha iki hava limanının inşası başa çatmaq üzrədir. Şuşa bərpa olunur. Lakin ən başlıcası, məcburi köçkünlər doğma ocaqlarına qayıtmağa hazırlaşırlar”.
Ekspert Azərbaycan ərazilərinin minalardan təmizlənməsində beynəlxalq iştirakın daha fəal olmasının vacibliyini də vurğulayıb. O, minalanmış sahələrin Ermənistan tərəfindən təqdim edilən qeyri-dəqiq xəritələrinin artıq dinc sakinlər arasında çoxsaylı tələfatla nəticələnməsindən təəssüfləndiyini bildirib.
Mattias Volf Azərbaycan xalqını qazanılmış nailiyyətlər münasibətilə, dövlət başçısı Prezident İlham Əliyevi isə qarşıdan gələn 60 illik yubileyi ilə əlaqədar təbrik edib, Prezidentə cansağlığı, bütün regionda sülh, tərəqqi və sabitlik naminə yeni-yeni uğurlar arzulayıb.