Almaniyalı rəssamın “Space-Speech-Speed” adlı instalyasiyası təqdim edilib
Bakı, 10 mart, X.Məmmədova, AZƏRTAC
Martın 10-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində almaniyalı rəssam Mişa Kubalın “Space-Speech-Speed” (işıq instalyasiyası) adlı sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Mişa Kubal əsərlərində işıq effektlərindən geniş istifadə edir və onu şəhər strukturunda fəaliyyət göstərən səmərəli vasitə kimi təsvir edir. Qırx ildir incəsənətlə məşğul olan rəssamın yaradıcılığında “az çoxdan yaxşıdır” prinsipi əsas götürülür və minimalizmin təsiri çox güclüdür.
Onun bu günə qədər ən iddialı layihəsi “res.o.nant” hazırda Berlin Yəhudi Muzeyində sərgilənir. “Space-Speech-Speed” sərgisinin özəlliyi ondadır ki, işıq instalyasiyası səssizliklə müşayiət olunur.
Daha sonra rəssamın tamaşaçılarla görüşü olub.
Aprelin 8-dək davam edəcək sərgiyə giriş sərbəstdir.