SİYASƏT
Almaniyanın “Presseportal” saytı qoşunların təmas xəttindəki son hadisələrdən yazır
![Almaniyanın “Presseportal” saytı qoşunların təmas xəttindəki son hadisələrdən yazır](/files/2016/1/1200x630/14599425471918218_1200x630.jpg)
Berlin, 6 aprel, AZƏRTAC
Almaniyanın “Presseportal” saytında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələr barədə məqalə yayılıb.
Məqalədə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazova istinadən bildirilir ki, cəbhə xətti boyunca Azərbaycan tərəfində mülki vətəndaşlar məskunlaşıblar. Erməni tərəfində isə yalnız əsgərlərdir və onlar daim Azərbaycan tərəfindəki mülki əhaliyə atəş açırlar.
Səfir qeyd edir ki, Azərbaycan regionda uzunmüddətli sülh istəyir. Beynəlxalq ictimaiyyət BMT-nin dörd qətnaməsində göstərildiyi kimi, Ermənistanı öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkməyə çağırmalıdır. Mətbuatda dərc olunan məqalələrdə demək olar ki, yalnız Dağlıq Qarabağ haqqında danışılır. Amma təkcə Dağlıq Qarabağ deyil, Azərbaycanın həm də yeddi ətraf rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Diplomat diqqətə çatdırır ki, Ermənistan prezidenti Serj Sarkisyan 1992-ci ildə Xocalıda erməni silahlı qüvvələri tərəfindən 106 qadın, 63 uşaq daxil olmaqla 613 azərbaycanlının qətlə yetirilməsini aşağıdakı sözlərlə ifadə edib: Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə hücum etməzlər. Biz onlara yaxşı dərs verdik.
Səfir vurğulayır ki, BMT Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu mübahisəsiz olaraq Azərbaycanın ərazisi hesab edir. Belə bir sual meydana çıxır: Kim kimin dövlətinin ərazisindədir? Ermənistan beynəlxalq hüquqa zidd olaraq müharibə aparır. Azərbaycanın bir milyon qaçqını və məcburi köçkünü var, 20 ildən çoxdur davam edən erməni təcavüzündən dinc əhali əziyyət çəkir.
Məqalədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən qeyd edilir ki, aprelin 2-nə keçən gecə Ermənistan hərbi dəstələri təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini irikalibrli pulemyotlar, minaatanlar, qumbaraatanlar və ağır artilleriyadan atəşə tutublar. Onlar, eyni zamanda, cəbhə xətti yaxınlığında yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycan kəndlərinə də atəş açıblar. Nəticədə çoxlu sayda azərbaycanlı dinc əhali, eləcə də əsgərlər öldürülüb və ya yaralanıb. Azərbaycan silahlı qüvvələrinin əks-hücumu nəticəsində erməni silahlı qüvvələrinin müdafiə qurğuları ön cəbhədə yarılıb və bir sıra strateji baxımdan vacib yüksəkliklər və məntəqələr azad edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin