İQTİSADİYYAT
Altı ayda dövlət əmlaklarının özəlləşdirilməsindən büdcəyə 25,8 milyon manatdan çox vəsait daxil olub
Bakı, 21 iyul, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin ilk 6 ayı ərzində 38 hərrac keçirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 319 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin ilk 6 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 222 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 61 onlayn qoşulma reallaşıb.
Altı ayda hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.
Bu ilin I yarısında investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 7,5 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi reallaşıb.
Yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 25,8 milyon manatdan çox təşkil edib.