AMEA-da professor Həsən Mirzəyevin xatirəsi anılıb
Bakı, 22 dekabr, AZƏRTAC
AMEA-nın əsas binasında görkəmli dilçi alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin anadan olmasının 95 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Nəsimi adına Dilçilik institutlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə professor Həsən Mirzəyevin Azərbaycan dilçilik elminin formalaşmasında və inkişafında misilsiz xidmətlərindən danışılıb. Dilçilik elminə sanballı elmi töhfələr vermiş Həsən Mirzəyevin təhsil və elm müəssisələri üçün böyük bir dilçi nəsil yetişdirdiyi bildirilib. Həsən Mirzəyevin Azərbaycan elmində, ictimai-siyasi həyatında heç zaman öz mövqeyini dəyişməyən bir alim kimi yaddaşlarda qaldığı qeyd olunub.
Professorun feillə yanaşı, dilçiliyin digər istiqamətlərində də olduqca önəmli tədqiqatlar aparmasından, toponimlər, folklor, dialektologiyaya dair sanballı əsərlərindən söz açılıb. Həsən Mirzəyevin "Azərbaycan dilində feil" əsərinin elmi aktuallığını saxlamaqla yanaşı, bu gün də bu sahədə aparılan tədqiqatlar üçün mayak rolunu oynadığı vurğulanıb.
Həmçinin alimin Qərbi Azərbaycandakı toponimlərin araşdırılmasında gənc tədqiqatçılara elmi istiqamət verdiyi qeyd edilib. Həsən Mirzəyevin Dərələyəz mahalının 162 toponiminin elmi izahını verdiyi qeyd edilib, onun mikrotoponimləri də araşdıraraq topladığı bu faktların əsasında Qərbi Azərbaycanın, o cümlədən Dərələyəzin Azərbaycanın qədim torpaqları olmasını elmi dəlillərlə sübut etdiyi bildirilib.
Daha sonra “Həsən Mirzəyevin yaradıcılığında söz kökləri”, “Görkəmli dilçi alim Həsən Mirzəyevin yaradıcılığında feil”, “Həsən Mirzəyev və Azərbaycan onomastikası” və “Həsən Mirzəyevin yaradıcılığında azərbaycançılıq ideyaları” mövzularında məruzələr dinlənilib.