ELM VƏ TƏHSİL
AMEA-da “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir təşkil edilib
Bakı, 6 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK), YAP Yasamal rayon təşkilatı və AMEA-nın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olublar. Kitabxananın direktoru Hüseyn Hüseynov onlara fondda Birinci və İkinci Qarabağ müharibəsinə, Aprel və Tovuz döyüşlərinə dair mühafizə edilən nəşrlər haqqında ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ilə qazanılan Qələbəni ölkəmizin tarixinin zirvə nöqtəsi adlandırıb.
“Ordumuzun göstərdiyi qəhrəmanlıq və rəşadət 30 illik işğala birdəfəlik son qoydu. 2023-cü ildə həyata keçirilən lokal xarakterli birgünlük antiterror tədbirlər nəticəsində isə Azərbaycanın suverenliyi tam təmin olundu”, - deyə akademiya rəhbəri bildirib.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi ilə torpaqlarımızın itirilməsi təhlükəsinin tam aradan qaldırıldığını deyən akademik İsa Həbibbəyli işğal altında olmuş ərazilərimizin azad edilməsi yönündə dahi rəhbərin apardığı güclü ordu quruculuğu siyasətini diqqətə çatdırıb.
“Ümummilli Liderin nail olduğu atəşkəs rejimi ordumuzu müasirləşdirmək, iqtisadiyyatımızı inkişaf etdirmək, ən başlıcası isə vətənpərvər nəslin yetişdirilməsi üçün geniş imkan qazandırdı.
Vətən müharibəsi zamanı həm döyüş cəbhəsində qazanılan qələbə, həm də informasiya cəbhəsində əldə edilən üstünlük Prezident İlham Əliyevin qüdrətini, onun sərkərdəlik məharətini nümayiş etdirdi. Bu gün biz dünyada qalib xalq kimi tanınırıq!”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
Tədbirdə AMEA-nın müşaviri akademik Yaqub Mahmudov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı şəhid atası Zahir Bağırov, şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynzadə çıxış edərək bu Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər.
Çıxışlar zamanı şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən qayğıdan da danışıblar.
Tədbir ərzində tarixi Zəfərə aparan dövlət siyasətindən bəhs edən videoçarx, eləcə də MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda mühafizə edilən nəşrlərin elektron və ənənəvi sərgisi nümayiş olunub.