AMEA Gəncə bölməsi “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı monoqrafiya nəşr edib
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsi İlham Əliyevin 2003-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı əlamətdar tarixə həsr olunmuş yeni kitab nəşr edib.
AMEA-nın Gəncə bölməsindən AZƏRTAC-a bildirilib ki, yenicə çapdan çıxmış “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” monoqrafiyası AMEA Gəncə Bölməsinin kollektivinə təqdim edilib. Bölmənin sədri akademik Fuad Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltmasını xalqımızın həsrətlə gözlədiyi qürurlu gün kimi səciyyələndirib.
Kitabın, həmçinin Gəncənin son iyirmi ildə inkişafı üzrə bir ensiklopedik məlumat toplusu xarakteri daşıdığını vurğulayan akademik F. Əliyev onun səhifələrində Prezident İlham Əliyevin Gəncə şəhərinə etdiyi səfərlərin müfəssəl xronikasının, həmin səfərlərin işığında burada aparılan genişmiqyaslı quruculuq işlərinin, eləcə də ölkə başçısının bu şəhərlə bağlı imzaladığı sərəncam və digər sənədlərin, etdiyi çıxışlar, verdiyi tapşırıq və tövsiyələrin mətnlərinin öz əksini tapdığını qeyd edib.
AMEA Gəncə Bölməsinin sədri kitabın hazırlanmasında və çap prosesində əməyi olan əməkdaşlara minnətdarlığını bildirib.
Toplantıda çıxış edən əməkdaşlar yeni kitabın işıq üzü görməsindən məmnunluq və fəxarət duyduqlarını dilə gətirərək, “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” toplusunun ideyasına və bu ideyanın gerçəkləşdirilməsi yönündə fəaliyyətinə görə akademik Fuad Əliyevə təşəkkür ediblər. Onlar respublikamızın ikinci şəhərinin başlıca elm ocağının - AMEA Gəncə Bölməsinin əməkdaşları olaraq, bu kitabı Prezident İlham Əliyevin ali hakimiyyətinin 20 illiyinə bir ərməğan kimi sevə-sevə hazırladıqlarını bildiriblər.
“Elm” nəşriyyatında işıq üzü görən kitabın layihə rəhbəri AMEA Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, redaksiya heyəti isə AMEA Gəncə bölməsinin sədr müavini Sara Əzizova, AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, bölmənin elmi katibi Elnur Həsənov, AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva, AMEA Gəncə bölməsi Humanitar Tədqiqatlar İnstitutunun elmi işçisi Günay Cəfərova və İnformasiya texnologiyaları şöbəsinin baş mütəxəssisi Nailə Mirzəyevadır.