ELM VƏ TƏHSİL
AMEA-nın Direktorlar Şurası yaradılır
![AMEA-nın Direktorlar Şurası yaradılır](/files/2024/1/1200x630/17066135895806360445_1200x630.jpg)
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurası yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında çıxış edərkən deyib.
O bildirib ki, akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi və konsensusun əldə olunması, meydana çıxan problemlərin səmərəli həlli yollarının axtarılması məqsədilə AMEA-nın Direktorlar Şurasının yaradılması zərurəti yaranıb. İsa Həbibbəyli yaradılacaq şuranın AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılmasına, təcrübə mübadiləsinin aparılmasına, əmək intizamı ilə bağlı məsələlərin müzakirəsinə, eləcə də birgə elmi və elmi-texniki tədbirlərin təşkilinə xidmət edəcəyini bildirib.
Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Direktorları Şurası yaradılıb və şuranın tərkibi təsdiq edilib.