ELM VƏ TƏHSİL
AMEA-nın İctimai Elmlər Bölməsinin iclasında bir sıra qərarlar qəbul olunub



Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Əvvəlcə iclasda elmi-təşkilati məsələlərə baxılıb. Tədbirdə bölməyə daxil olan elmi müəssisələrə 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul planına dair təkliflər səsləndirilib. Müzakirədən sonra bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
Sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Hüquq və insan haqları” jurnalının təsisi, həmçinin “Azərbaycan elmi sovet dövləti və Sov.İKP MK-nın qərarlarında (1920-1991)” kitabının çap edilməsi barədə qərarlar qəbul olunub.
Bölmənin digər qərarları ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin strukturunda qismən dəyişiklik edilib, akademiyanın İqtisadiyyat İnstitutunda keçirilmiş müsabiqənin nəticələri təsdiq olunub. Eyni zamanda bir sıra kadr məsələlərinə baxılıb.
Sonda cari məsələlərə baxılıb. AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi ilə əlaqədar bir qrup əməkdaşın bölmənin fəxri fərmanı ilə təltif olunması, eləcə də, Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar tədbirlər planı haqqında qərarlar qəbul edilib.