AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərini anma mərasimi keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 24-cü il dönümü ilə bağlı anma tədbiri keçirilmişdir.
Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev çıxış edərək bildirmişdir ki, XX əsrin ən qanlı hadisələrindən olan 20 Yanvar faciəsi heç zaman tarixdən və yaddaşlardan silinməməlidir. Tarix yalnız yaddaşa çökəndə qorunur. Azərbaycan xalqı yalnız qədim tarixi mədəniyyəti ilə deyil, həm də qəhrəmanlıq ənənələri ilə tanınır. 20 Yanvar tarixi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Xalqımız özünün haqq səsini ucaltdığı, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Tədbirdə hind-Avropa dilləri şöbəsinin müdiri, professor Oruc Musayev çıxış edərək unudulmaz tələbəsi - şəhid Ülvi Bünyadzadənin xatirəsini yad etmişdir.
Digər çıxış edənlər də öz canları bahasına şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsinin qan yaddaşımızdan silinməyəcəyini, şəhidlərin xatirəsinin daim əziz tutulacağını söyləmişlər.
Bildirilmişdir ki, ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir.