AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə “Azərsu” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini İlqar Tağıyevlə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə YT Parkın fəaliyyət istiqamətləri və burada istehsal olunan məhsullarla bağlı, eləcə də əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
N.Şükürov YT Park haqqında ətraflı məlumat verərək bildirib ki, bu qurum iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət edir. Qeyd edilib ki, müəssisədə müxtəlif çeşiddə yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli sənaye və sürtkü yağları hazırlanır və bu məhsullar beynəlxalq standartlara cavab verir.
Sonra o, YT Parkın strukturu və burada həyata keçirilən layihələrlə yaxından tanışlıq məqsədilə “Azərsu” ASC-nin peşəkar mütəxəssislərdən ibarət nümayəndə heyətini müəssisəyə dəvət edib.
İ.Tağıyev YT Parkın fəaliyyətini, burada görülən işləri yüksək qiymətləndirərək təmsil etdiyi qurum ilə bu müəssisə arasında innovativ layihələrin həyata keçirilməsində, təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin iki qurum arasında müvafiq sahədə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.