Amerika Birləşmiş Ştatlarından gələn mütəxəssislər “Naxçıvan” Universitetində olublar
Naxçıvan, 28 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarından gələn mütəxəssislər Jak Morrisin və İan Bernetinin iştirakı ilə “Naxçıvan” Universitetində “Təhsildə keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsi” mövzusunda keçirilən treninq maraqla qarşılanıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli çıxış edərək treninqin keçirilməsində məqsədin keyfiyyətə nəzarət mexanizminin və mərkəzlərinin yaradılması, həmçinin inkişaf etdirilməsi yolları barədə müasir metodların tətbiqi üsullarının öyrənilməsi olduğunu deyib. Həmçinin vurğulanıb ki, universitet heyətinin şöbə və onun funksiyası haqqında məlumatlandırılması, onlayn platformanın yaradılması da qarşıya qoyulan əsas məqsədlərdəndir.
Diqqətə çatdırılıb ki, universitetin Boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Almaniyanın, ABŞ-ın, Türkiyənin və digər ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurulub. Qarşılıqlı əməkdaşlıq gündən-günə daha da genişləndirilir. Universitetin əməkdaşları TEMPUS, ERASMUS, COMOLTE kimi ümumavropa təhsil layihələrində fəal iştirak edirlər.
Treninqdə tələbələrin xarici dilləri öyrənmələri zamanı yaranan problemlər və dil öyrənilməsinin asanlaşdırılması qaydaları da müzakirə edilib.