AMERİKALILAR AFİNA OLİMPİADASINDA 100 MEDAL QAZANMAQ ÜMİDİNDƏDİRLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, ABŞ Milli Olimpiya Komitəsinin rəhbərləri bildirmişlər ki, Amerika idmançıları bu yay Yunanıstanın paytaxtı Afinada keçiriləcək Olimpiya oyunlarında müxtəlif “keyfiyyətli” 100 medal qazanmağa hazırdırlar.
Xatırladaq ki, dörd il əvvəl Sidney Olimpiadasında amerikalılar 97 mükafat – 40 qızıl, 24 gümüş və 33 bürünc medal qazanaraq, qeyri-rəsmi hesabda birinci yeri tutmuşdular. Onlar ikinci yerə çıxan Rusiya komandasından 8 qızıl medal çox qazanmışdılar.