AMERİKALILAR FİDEL KASTRONU HİRSLƏNDİRDİLƏR
Ekranda İnsan hüquqları haqqında ümumi bəyannamədən parçalar və kommunizmin əleyhdarları - sabiq Polşa və Çexiya prezidentləri Lex Valensa və Vatslav Havelin nitqlərindən sitatlar da səsləndirilmişdir.
Bu cür “mədəni müharibə” Kuba rəhbəri Fidel Kastronu hiddətləndirmişdir. O, ölkənin həyatına müdaxiləyə qarşı etiraz nümayişi keçirməyə çağırmışdır. Kastro yanvarın 22-də milli televiziya ilə canlı yayımlanmış üçsaatlıq nitqində həmin translyasiyanı “iki ölkə arasında olub-qalan zəif əlaqələri tamamilə kəsməyə yönəldilmiş fitnəkarlıq” adlandırmışdır.
Xatırladaq ki, Kuba ilə Birləşmiş Ştatlar arasında diplomatik münasibətlər yoxdur.
Kuba lideri bəyan etmişdir ki, İraqın “Əbu-Qreyb” həbsxanasında və Quantanamo hərbi bazasında saxlanılan məhbuslarla əlaqədar rüsvayçılıqdan sonra ABŞ-ın “insan hüquqları haqqında öyüd-nəsihət verməyə” haqqı yoxdur.
ABŞ Mədəniyyət Nümayəndəliyi bildirmişdir ki, bu translyasiya Kuba xalqı ilə açıq dialoq yaratmaq üçün göstərilmiş cəhddir.
Bu, iki ölkə arasında ideoloji müharibə ilə bağlı ilk hadisə deyildir. 2004-cü ildə Nümayəndəlik ekranda “75” rəqəmini göstərmişdir – ABŞ-ın məlumatına görə, Kuba həbsxanalarında məhz o qədər siyasi məhbus saxlanılır. Bunun cavabında Kuba hökuməti “Əbu-Qreyb” həbsxanasında iraqlı əsirlərin başına gətirilən təhqiramiz əməllərin təsvir olunduğu plakatları Nümayəndəliyin yanında divarlara yapışdırmışdır.