Ana tərəfi Azərbaycandan olan türkiyəli siyasətçi Şuay Alpay kimdir?
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Türkiyənin milli müdafiə nazirinin müavini, ana tərəfi Azərbaycandan olan Şuay Alpay haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalə ilə https://az.wikipedia.org/ linkində tanış olmaq mümkündür.
Ş.Alpayın ana tərəfi Azərbaycanın Gəncəbasar bölgəsinin Samux rayonundandır. Müsahibələrinin birində o, ana babası Məhəmməd Qasım bəyin 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardığını, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən biri olduğunu qeyd edib. 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi Məhəmməd Qasım bəyə tapşırılıb. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra belə o, silahını yerə qoymur və dağlara çəkilərək 1932-ci ilədək bolşeviklərə qarşı mübarizə aparır. Xalq arasında qaçaq Məhəmməd Qasım bəy kimi tanınan bu şəxs sonradan Türkiyəyə mühacirət edib.
1960-cı ildə Türkiyənin Elazığ şəhərində dünyaya göz açan Ş.Alpay İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. O, 1986-1991-ci illərdə hakim, 1991-ci ildən isə vəkil kimi fəaliyyət göstərib. 2015-ci ilin dekabrından Ş.Alpay Türkiyə milli müdafiə nazirinin müavini vəzifəsini icra etməkdədir.