Ankaradakı Xocalı prospektində xatirə abidəsinin ucaldılması gündəmdədir
Bakı, 25 fevral (AZƏRTAC). Qanlı faciənin 22-ci ildönümü ərəfəsində Ankaranın Xocalı prospektində soyqırımı ilə bağlı posterlər yerləşdirilmiş, Azərbaycan və Türkiyə bayraqları asılmışdır. Prospekt boyunca Mamak Bələdiyyəsinin sədri Mesut Akgülün Xocalı soyqırımı qurbanları ilə bağlı başsağlığı mesajı yazılmış posterlər də yerləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Aparat rəhbəri, deputat Mustafa Kabakçının dəstəyi ilə Ankaradakı Xocalı prospektində posterlərin yerləşdirilməsindən məqsəd insanları XX əsrin dəhşətli qətliamlarından olan, azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında məlumatlandırmaqdır.
Soyqırımının ildönümü ərəfəsində Türkiyədəki Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar prospektdə Xocalı qətliamı qurbanlarının xatirəsinə abidə ucaldılması və parklardan birinə Xocalı adının verilməsi ilə bağlı Mamak Bələdiyyə sədrinə rəsmi məktubla müraciət etmişdir.
Həmçinin Azərbaycan Dərnəkləri Federasiyasının təmsilçiləri fevralın 26-da Türkiyə parlamentində spiker Cəmil Çiçək və siyasi partiyaların fraksiyalarının təmsilçiləri ilə görüş keçirəcək, parlament dinləmələrinə qatılacaqlar. Federasiyanın rəhbəri Bilal Dündar görüşlər zamanı Xocalı prospektində Xocalı parkının salınması və soyqırımı abidəsinin ucaldılması məsələsini də qaldıracaqdır.