ANOMAL SOYUQ QIŞLAR VƏ ONLARIN NƏTİCƏLƏRİ
Salnamələrə görə, 401-ci və 801-ci illərin qışlarında Qara dənizin dalğaları “daşa dönmüşdü”.
859-cu ildə Adriatik dənizi elə donmuşdu ki, buzun üzəri ilə Venesiyaya piyada getmək olardı. Bu hadisə 850 ildən sonra təkrarlanmışdır. 1010-1011-ci illərdə şaxtalar Qara dənizin Türkiyə sahillərini bürümüşdü. Dəhşətli soyuqlar gedib Afrikaya da çıxmış, burada Nil çayının aşağı axarlarını buzla örtmüşdü.
1210-1211-ci illərdə İtaliyada Po və Rona çayları donmuşdu. Venesiyada, buz “libasına bürünən” Adriatik dənizində arabalar işləyirdi.
1322-ci ildə Baltik dənizi elə qalın buz bağlamışdı ki, Danimarkanın Lübek limanından dənizin o biri sahilindəki Pomeraniyaya kirşələrdə gedirdilər.
1316-cı ildə buz Parisin bütün körpülərini dağıtmışdı.
1326-cı ildə bütün Aralıq dənizi donmuşdu.
1365-ci ildə Reyn çayı üç ay ərzində buzla örtülmüşdü.
1407-1408-ci illərdə İsveçrənin bütün gölləri donmuşdu.
1420-ci ildə Parisdə soyuq insanları qırıb-çatmışdı; canavarlar şəhərə cumaraq, küçələrdə qalmış meyitlərə daraşırdılar.
1468-ci ildə Burqundiyada zirzəmilərdəki şərablar da buza dönmüşdü.
1558-ci ildə 40 min nəfərlik ordu donmuş Dunayda soyuqdan əbədiyyətə qovuşmuşdu, Fransada isə buz bağlamış şərabı qırıb kilo ilə satırdılar.
Termometrin icad edilməsi sayəsində XVIII yüzilliyin soyuqları barədə daha dəqiq məlumatlar var.
1709-cu ildə Parisdə bir çox günlər ərzində 24 dərəcə şaxta olmuşdur; zirzəmilərdə şərab buz bağlayır və zənglər çalınarkən çatlayırdı.
1795-ci ildə Parisdə şaxta 23 dərəcəyə çatırdı. Həmin il Fransa süvari eskadronu ölkənin sahillərində buz məngənəsində qalmış hollandiyalıların bütöv bir donamasını məğlubiyyətə uğratmışdı.
1953-1954-cü illərdə Atlantik okeanından Uraladək geniş bir ərazi də noyabrdan aprelədək iliyə işləyən şaxtalar tüğyan etmiş, Qara dənizin şimal hissəsi və Azov dənizinin bütün akvatoriyası donmuşdu.
1962-1963-cü illərin qışı da sərt şaxtalar və şiddətli boranlarla yadda qalmışdır. Adətən donmayan Danimarka boğaz bağlanmış, Venesiyanın kanalları və Fransa çayları donmuşdu.
1968-1969-cu illər mövsümü də “bərk şaxtalar qışı” adlandırılmışdı.
2002-ci ildə Almaniyada Avropanın mühüm su nəqliyyat arteriyası sayılan Mayn-Dunay kanalında gəmilərin hərəkəti şaxtalara görə tamamilə dayandırılmışdı. 20-dən çox gəminin ilişib qaldığı buzun qalınlığı bəzi yerlərdə 70 santimetrə çatırdı.
2005-ci ilin axırlarında Mərkəzi və Qərbi Avropa ölkələrinin əksəriyyəti güclü qar altında qalmışdı. Şaxtalar elektrik xətlərini qırmış, nəticədə saysız-hesabsız yaşayış məntəqələri işıqsız qalmışdı. Parisdə məşhur Eyfel qülləsi turistlər üçün bir neçə saatlığa bağlanmışdı, çünki qüllə tamamilə buz bağlamışdı.
Böyük Britaniyada yüzlərlə maşın yollarda qalmışdı. Qar əsiri olan insanları xilas etmək üçün hətta ordu bölmələri cəlb olunmuşdu. Ən çox qar yağmış bölgələrə vertolyotlarla ərzaq və digər lazımi əşyalar daşınmışdı.
Göründüyü kimi, bu baxımdan indiki qış da onlardan geri qalmır.