APRELİN 11-DƏN ETİBARƏN SƏNƏD QƏBULU KOMİSSİYALARINDA “ELEKTRON ƏRİZƏ”LƏRİN TƏSDİQ EDİLMƏSİNƏ BAŞLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, ali məktəblərə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün TQDK-nın serverinə 40 min 42 “Elektron ərizə” daxil olmuşdur.
Aprelin 11-dən etibarən sənəd qəbulu komissiyalarında (SQK) “Elektron ərizə”lərin təsdiq edilməsinə başlanmışdır. “Elektron ərizə”lərin təsdiq olunması mayın 31-də başa çatacaqdır. Mayın 31-dək paralel olaraq internet vasitəsilə “Elektron ərizə” doldurula bilər.
Abituriyentlər “Elektron ərizə”ni təsdiq etdirmək üçün müvafiq SQK-ya aşağıdakı sənədləri təqdim etməlidirlər: orta məktəbi, orta ixtisas məktəbini və ya peşə məktəbini cari ildə bitirən məzunlar buraxılış sinfində təhsil aldıqlarını təsdiqləyən arayış (16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan abituriyentə verilən arayışa onun 3x4 sm ölçüdə şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Ali, orta ixtisas, peşə məktəblərinin məzunları və orta məktəbi əvvəlki illərdə bitirən abituriyentlər SQK-ya təhsil haqqında sənədin əslini təqdim etməlidirlər. Bunlardan əlavə, abituriyentlər SQK-ya şəxsiyyətlərini təsdiq edən sənədin əslini (16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnamə), hərbi bilet və ya çağırışçı şəhadətnaməsini təqdim etməlidirlər.
Bütün abituriyentlər SQK-ya TQDK-nın “ödəmə kartı“nı təqdim etməlidirlər. “Ödəmə kartı” təqdim etməyən abituriyentlərin “Elektron ərizə”si təsdiq olunmayacaqdır.
Rus bölməsinin abituriyentlərinə “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün müəyyən olunmuş tarixlərdə ərizələrini təsdiq etdirdikləri SQK-da “İmtahana buraxılış vərəqəsi” veriləcəkdir. “Buraxılış vərəqəsi”nin verilmə tarixləri barədə məlumat TQDK-nın internet saytında yerləşdiriləcəkdir.