Aprelin 15-də keçirilmiş buraxılış və kolleclərə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri açıqlanıb
Bakı, 8 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 15-də
- ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;
- əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;
- üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün keçirilmiş imtahanların birinci mərhələsinin nəticələrini elan edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, aprelin 15-də keçirilən buraxılış imtahanında iştirak etmiş şəxslər (1025 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıqtipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul imtahanında iştirak edən əvvəlki illərin məzunları (4477 nəfər) isə http://eservices.dim.gov.az/nettex9/keçidinə daxil olaraq nəticələri ilə tanış ola bilərlər.
Beləliklə, hər bir şəxs öz cavab vərəqi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, birinci mərhələdə imtahan iştirakçılarına Azərbaycan dili (rus dili) fənnindən 10 açıq və 10 qapalıtipli, riyaziyyat fənnindən 10 açıqtipli olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunur. İmtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə iştirakçıların Azərbaycan (rus) dili fənni üzrə açıqtipli tapşırıqlardan topladıqları ballar cəmlənir və ikiyə vurulur. Qapalı test tapşırıqlarının hər biri bir balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıqtipli tapşırıqlardan toplanılan ballar cəmlənir və üçə vurulur.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) mayın 10-11-də və 14-16-da saat 10:00-dan 17:00-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 10-11-də şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apellyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apellyasiya Komissiyasının iclasında iştirak edə bilər.
Məlumat üçün bildirək ki, DİM-də inşaların (esselərin) yoxlanılması prosesi davam edir və buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək inşalara (esselərə) verilən qiymətlər də elan olunacaq.