Aprelin 5-i səhər saatlarından etibarən küləyin sürəti zəifləyəcək
Bakı, 4 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, qərb küləyinin sürəti Naftalanda saniyədə 32, Gəncədə 24, Ağdam, Tərtərdə 22, Bərdədə 20, Qobustan, Şəmkirdə 18, Kəlvəzdə 17, Xaçmazda 15, Bakıda və Abşeron yarımadasında arabir 38 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrə çatıb.
Direktorun sözlərinə görə, havanın temperaturu aprelin 3-də iqlim normasını 13.7 dərəcə ötüb. Belə ki, maksimal temperatur Naxçıvan Muxtar Respublikasında 24-30 dərəcə isti, dağlıq rayonlarda 25 dərəcəyədək isti, aran rayonlarında 31-36 dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında 24-27, Bakıda isə 30.1 dərəcə isti qeydə alınıb. Lakin bu, rekord göstərici deyil, çünki 2012-ci ildə Bakıda havanın maksimal temperaturu 31.5 dərəcəyədək yüksəlib.
G.Məmmədovanın qeyd edib ki, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir saniyədə 33-38 metrə çatacağı, aprelin 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.