Aqrar sığorta haqqının 50 faizini dövlət ödəyir - Goranboyda fermerlərlə görüş
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanda dövlət dəstəkli aqrar sığorta barədə yerli fermerləri məlumatlandırmaq məqsədilə Aqrar Sığorta Fondu (ASF) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nümayəndələri Goranboyda fermerlərlə görüş keçirib.
Goranboy Rayon İcra Hakimiyyətinin və yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşdə rayonun iri, orta və kiçik fermer təsərrüfatlarının nümayəndələri, heyvandarlıq və əkinçiliklə məşğul olan şəxslər iştirak ediblər.
Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin idarə heyətinin sədri Elvin Əliyev fermerlərə aqrar sığortanın fermerlər üçün əhəmiyyəti və şərtləri barədə məlumat verib.
Eləcə də, sığortalanan məhsullar, əhatə olunan risklər, sığorta haqları, sığortalanma üsulları və hadisə baş verərkən ödəniş prosesi açıqlanıb.
Bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 bitki, o cümlədən buğda, arpa, qarğıdalı, çəltik, kartof, üzüm, pambıq və sair sahələri, eləcə də südlük inəkləri və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığortanın əsas üstünlüyü sığorta haqqının 50 faizini dövlətin ödəməsidir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatı bütün əsas risklərdən sığorta edə bilərlər. Belə ki, fermer üçün südlük inəyin sığorta haqqı 30-40 manatdan başlayır, taxıl əkini sahəsinin sığorta haqları isə Gəncə-Daşkəsən regionu üzrə 1 hektar üçün 15-20 manat ətrafındadır. Hadisə baş verdikdə dəyən zərər fermerə ödənilir.
Aqrar sığorta ilə bağlı məlumatlar fermerlərin böyük marağına səbəb olub. Heyvan və bitkilərin sığortası, hadisə baş verəndə ödəniş prosesi, sığortanın əhatə etdiyi risklər və sığortalanma prosesi ilə bağlı “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin rəhbərinə və ASF-nin nümayəndələrinə çoxsaylı suallar verilib.
Fermerlər aqrar sığortanın şərtlərindən və sığorta haqlarının məbləğindən, o cümlədən dövlətin 50 faizlik dəstəyindən razı qalıb, onun sərfəli olduğunu bildiriblər.
Görüşdə qeyd olunub ki, yeni qaydalara əsasən 10 hektar və daha artıq əkin sahəsi olan təsərrüfatlar subsidiya almaq üçün sığorta edilməlidir. Sığorta haqqının yarısını dövlət ödədiyinə görə, bu yenilik fermerlərə ciddi maliyyə yükü yaratmır, əvəzində onların biznesini qoruyur. Fermerlərə tövsiyə olunub ki, payızlıq əkinlərin bəyanı dövründə təsərrüfatlarını əsas risklərdən sığortalansınlar.