REGİONLAR
“Aqrolizinq” ASC regionlarda maarifləndirmə və sorğu layihəsinə start verib VİDEO
Şəmkir, 4 avqust, Rauf Hacıyev, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və yerindəcə həll edilməsi məqsədilə “Regionlarda maarifləndirmə və sorğu” layihəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu cür tədbir ilk olaraq Şəmkir rayonunda keçirilib.
Avqustun 4-də Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında keçirilən tədbirdə “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçisi Şəmkir, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Göygöl, Samux və Gədəbəy rayonlarından olan sakinlərlə, həmçinin fermer və təsərrüfat sahibləri ilə görüşüblər.
Görüşdə vətəndaşlar lizinq qaydaları və tətbiq edilən güzəştlər, innovativ yeniliklər barədə maarifləndirilib, elektron xidmətlər barədə ətraflı məlumat verilib.
Sonra kəndli və fermerlərin qarşılaşdıqları mövcud problemlər və onların həlli yolları müzakirə edilib, təklifləri dinlənilib.
Görüşün sonunda vətəndaşlara güzəşt müqavilələri təqdim edilib.