AQTA-nın “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsi davam edir
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsini davam etdirir.
Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində AQTA əməkdaşları Bakının Yasamal rayonu 20 nömrəli məktəb-liseydə olublar.
Əvvəlcə müəssisənin yeməkxanasına baxış keçirən agentliyin nümayəndələri yeməkxana işçilərinə müəyyən tövsiyələr verib.
Məktəbdə gigiyena qaydalarına riayət olunma vəziyyəti ilə tanış olan AQTA nümayəndələri daha sonra 4-cü sinif şagirdlərinə “sadə gigiyenik norma və qaydalar”, “sağlam qidalanma” və “qida çantasının hazırlanma qaydaları” mövzularında əyani-praktik təlim keçiblər.
Bundan başqa, məktəblilərlə “xeyirli və zərərli qida məhsulları” adlı maraqlı və interaktiv oyun təşkil olunub, şagirdlərin “sağlam qida” mövzusunda bilikləri yoxlanılıb.
Layihə iştirakçılarına agentliyin sertifikatları və xatirə hədiyyələri, həmçinin uşaqlara maarifləndirici materiallar təqdim olunub.
Layihənin məqsədi məktəbəqədər şagirdlər, məktəblilər və tələbələr arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi baxımından düzgün qidalanma vərdişlərinin aşılanmasıdır.