CƏMİYYƏT
AQTİ-də keçirilən təlimlərdə iştirak edən tələbələrin sahə üzrə bilik səviyyəsi qiymətləndirilib




Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrində aşpaz, qənnadıçı-şirniyyatçı və laborant-analitik ixtisasları üzrə təhsil alan tələbələr üçün keçirilən təlimlər başa çatıb.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimlərdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində AQTİ mütəxəssisləri tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunan təlimlərin yekununda iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmə zamanı 18-i aşpaz, 7-si qənnadıçı-şirniyyatçı və 28-i laborant-analitik olmaqla, ümumilikdə 53 nəfər uğur qazanıb.
Qiymətləndirmə zamanı uğur əldə edən tələbələrə sertifikat veriləcək. Həmçinin onlar haqqında məlumatlar AQTİ-nin məlumat bazasına əlavə olunacaq. Ehtiyac yarandığı hallarda həmin məlumatlar müvafiq istehsal müəssisələrinə təqdim ediləcək.
Qeyd edək ki, təlimlərdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər, o cümlədən Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) haqqında ətraflı məlumat verilib. Tələbələr müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. Təlimlər zamanı laborant-analitik ixtisası üzrə təhsil alan tələbələrə həm də əməyin təhlükəsizliyi, biotəhlükəsizlik və laboratoriyalarda iş qaydaları barədə məlumat verilib. Həmçinin onlar laboratoriyalarda çalışan personalın cihaz və reaktivlərlə işləmə qaydaları ilə tanış olublar.