Aral dənizinin təcrübəsi Xəzər dənizində iqlim dayanıqlılığının gücləndirilməsinə töhfə verə bilər VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Aral dənizinin təcrübəsi Xəzər dənizində iqlim dayanıqlılığının gücləndirilməsi və ekoloji çağırışlara cavab tədbirlərinin planlaşdırılması baxımından faydalı ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın aparıcı beyin mərkəzlərindən biri olan Beynəlxalq Tədqiqatlar İnstitutunun nümayəndəsi Saida Səfəva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Aral dənizi və Xəzər dənizi fərqli su hövzələri olsa da, iqlim dəyişmələri, su ehtiyatlarının idarə olunması, buxarlanma, ekosistemlərin deqradasiyası və sosial-iqtisadi həssaslıq kimi bir-biri ilə əlaqəli çağırışlarla üzləşirlər.
“Özbəkistan və Azərbaycan alimlərinin birgə tədqiqatlarının aparılması, xüsusilə sahə işlərinin genişləndirilməsi Xəzər dənizində mövcud proseslərin daha dərindən öyrənilməsinə imkan verə bilər. Aral dənizində su hövzəsinin ayrı-ayrı hissələrə bölünməsi və su səmərəliliyini artıran texnologiyalardan istifadə kimi müəyyən tədbirlər müsbət nəticələr verib. Bu təcrübənin Xəzər dənizi ilə bağlı müzakirələrdə də nəzərə alınması mümkündür”, - deyə S.Səfəvova qeyd edib.