Minatəmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərin övladlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Bakı, 8 sentyabr, AZƏRTAC
2026-cı ilin ilk yarısını elm və təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından kifayət qədər məhsuldar dövr hesab etmək olar. Bu müddətdə Milli Məclisin Elm və təhsil komitəsində təhsil, elm, müəllimlərin əmək münasibətləri, sosial təminat, ümumi təhsilin prinsipləri və əqli mülkiyyət sahələrini əhatə edən bir sıra mühüm qanun layihələri müzakirə olunub.
Milli Məclisin deputatı, elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, bu dəyişiklikləri ayrı-ayrı hüquqi düzəlişlər kimi deyil, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimin statusunun möhkəmləndirilməsi, sosial ədalətin təmin olunması və təhsil sisteminin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində vahid siyasətin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.
Deputat xüsusilə minatəmizləmə fəaliyyəti zamanı həlak olmuş şəxslərin övladlarının təhsil hüquqları ilə bağlı dəyişikliklərin mühüm sosial əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklə dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan, minatəmizləmə fəaliyyəti zamanı həlak olmuş və ya aldığı xəsarət nəticəsində həyatını itirmiş şəxslərin övladlarının təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Bu hüquq ən çoxu 23 yaşadək olan övladlara şamil ediləcək və müvafiq güzəşt sentyabrın 15-i 2026-cı ildən tətbiq olunacaq.
Deputat bildirib ki, bu dəyişiklik yalnız təhsil qanunvericiliyinə edilən düzəliş deyil, Azərbaycanın təhlükəsiz gələcəyi naminə həyatını itirmiş insanların ailələrinin, xüsusilə övladlarının təhsilinin dövlət tərəfindən dəstəklənməsi həm sosial müdafiə, həm də insan kapitalına investisiya baxımından mühüm addımdır.
Elm və təhsil sahəsində digər mühüm dəyişikliklərə toxunan deputat Əmək Məcəlləsinə və “Təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərlə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin də müvafiq əmək və sertifikatlaşdırma mexanizmlərinin hüquqi əhatəsinə daxil edildiyini bildirib. Bu yanaşma müxtəlif təhsil müəssisələrində çalışan pedaqoji işçilərə münasibətdə vahid peşəkarlıq və keyfiyyət meyarlarının formalaşdırılması baxımından əhəmiyyətlidir.
Mehriban Vəliyeva, həmçinin “Ümumi təhsil haqqında” Qanuna “millilik və dünyəvilik” anlayışının ayrıca prinsip kimi daxil edilməsini mühüm qanunvericilik təşəbbüsü kimi dəyərləndirib: “Milli və ümumbəşəri dəyərlərin vəhdəti əsasında dünyəvi ümumi təhsil sisteminin inkişaf etdirilməsi müasir məktəbin qarşısında duran əsas vəzifələrdəndir. Qloballaşan dünyada məktəb yalnız bilik verən məkan olmamalıdır. Burada milli kimliyi, ana dili, tarixi yaddaşı və mədəni irsi qoruyan, eyni zamanda dünyəvi düşüncəli, müasir dünyaya açıq və elmi təfəkkürə malik şəxsiyyət yetişdirilməlidir”.
Müxbir-Nərmin Muradzadə