FAO-nun nümayəndəsi: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi vacibdir
Bakı, 8 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatının daha səmərəli və dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi və mövcud təşəbbüslər arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” COP29 sədrliyinin FAO ilə sıx tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi əsas təşəbbüslərdən biridir. Təşəbbüsün məqsədi aqrar-ərzaq sistemlərinin dayanıqlılığını artırmaq, iqlim maliyyəsinə çıxışı genişləndirmək və fermerlər, maliyyə institutları, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirməkdir.
AZƏRTAC xəbər verir ki, bunu FAO-nun nümayəndəsi Evetta Zenina Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Fəaliyyətdə Harmoniya:İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" adlı yüksəksəviyyəli dəyirmi masada çıxış edərkən deyib.
FAO nümayəndəsi bildirib ki, 2022-ci ildə COP27 sədrliyi dövründə yaradılan FAST Tərəfdaşlığı müxtəlif COP-lar çərçivəsində irəli sürülən təşəbbüslər arasında davamlılıq və əlaqələndirməni təmin edir: "Hazırda tərəfdaşlığın 53 üzvü və 11 müşahidəçisi var. Tərəfdaşlıq hökumətləri, beynəlxalq təşkilatları, akademik dairələri, gəncləri, qadın təşkilatlarını və vətəndaş cəmiyyətini bir araya gətirir. “Bakı Harmoniya” təşəbbüsünün mövcud təşəbbüsləri xəritələndirməyə, iqlim dəyişmələri ilə iqlim maliyyəsi arasında əlaqələri gücləndirməyə və fermerlərin, xüsusilə kənd təsərrüfatı sektorunda çalışanların maliyyə imkanlarına çıxışını asanlaşdırmağa yönəlib".
Nümayəndə qeyd edib ki, Türkiyənin COP sədrliyi dövründə “Nexus” təşəbbüsü ərzaq, su və torpaq sistemləri arasında əlaqələrin gücləndirilməsinə, eləcə də milli siyasət və strategiyaların daha yaxşı əlaqələndirilməsinə yönəlib. Bütün bu təşəbbüslərin mərkəzində fermerlər dayanır və əsas məqsəd onların iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığını artırmaqdır.