Atanın kitab rəfləri arasından gələn səsi: Yusif Səmədoğlunun xatirələri
AZƏRTAC Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir
Bakı, 8 sentyabr, AZƏRTAC
Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.
AZƏRTAC silsilənin növbəti yazısında Azərbaycanın Xalq şairi Səməd Vurğunun oğlu Yusif Səmədoğlunun xatirələrini təqdim edir. O, atasının iş otağından, şairin zəngin kitabxanasından, kitablara sonsuz sevgisindən və Səməd Vurğunla bağlı yadda qalan hadisələrdən danışır.
“Bizim evdə bir otaq var. Əvvəllər bu otağın axşam səkkizdən yanan işığı bəzən səhərə qədər sönmürdü. İndi isə artıq bir ilə yaxındır ki, bu otağın pəncərələrindən işıq gəlmir.
Bu otaq - atamın kabinetidir.
Burada hər şey - uzun və enli yazı stolu, stolun üstündəki qələm və kağızlar: divar boyu qoyulmuş şkafların rəflərindəki kitablar, hər şey, hər şey bizə son dərəcə əzizdir.
Atamın kitabxanası çox zəngindir. Marks, Lenin, Nizami, Puşkin, Sabir, Petefi, Vaqif, Bayron, Tolstoy, Axundov, Çexov, Molla Nəsrəddin, Turgenev və s. və s.
Onlarla müəlliflər, onlarla cildlər... Bu cildlərin hər birini atam dəfələrlə vərəqləmiş, hər birində atamın qeydləri var. Budur, A.S.Puşkinin 1907-ci ildə Sankt-Peterburqda nəşr edilmiş on iki cildliyi. “Yevgeni Onegin” çap olunmuş cildi rəfdən götürüb vərəqləyirəm. Səhifələr atamın qeydləri ilə doludur. Poemanın qurtaracağında, səhifənin təmiz hissəsində isə atam bu sözləri yazmışdır: “Eşq olsun belə sənətkara!” ...Yaxud başqa bir kitab: Sabirin “Hop-hopnamə”si. Kitabın sonuna atam bu sözləri yazmışdır: “Sənə min rəhmət!” ...Bu misalların sayını istənilən qədər artırmaq mümkündür...
Atam çox oxuyurdu. Əlbəttə ki, onun ən çox sevdiyi şeir kitabları idi. Özü son vaxtlar tez-tez etiraf edirdi ki, onun yaradıcılıqda kamilləşməsində kitabların, məhz bədii ədəbiyyatın olduqca böyük rolu olmuşdur.
Yaxşı yadımdadır. Mən Moskvada tələbə ikən atam Moskvaya gəlmişdi. Mənim yaşadığım otaqda oturub çay içirdik. Birdən o, məndən soruşdu:
-Son vaxtlar bədii ədəbiyyatdan təzə nə oxumusan?
Mən cavab verdim ki, başım imtahanlara yaman qarışıb, təzə əsərləri oxumağa vaxtım yoxdur. Atam nəlbəkini stolu üstündə qoydu, külqabıdan sönmüş papirosunu götürüb yandırdı, dərindən bir neçə dəfə sümürdü, gözlərini qıydı. Mən başa düşdüm ki, atam əsəbiləşmişdir. Çünki o, həmişə əsəbiləşəndə gözlərini qıyırdı. Atam başını buladı:
-İyirmi yaşında bir cavan deyəndə ki, təzə əsərləri oxumağa vaxtım yoxdur, tüklərim ürpəşir, - dedi. A bala, necə yəni vaxtım yoxdur? İnsanda arzu olsa, həmişə vaxt tapa bilər. Mən sənin yaşında olanda əlimə nə keçirdisə oxuyurdum. Bəzən səhərə qədər yuxusuz qalırdım. Qəribə sözdür, vaxtım yoxdur...
Mən üzr istəyib söz verdim ki, bir də belə sözləri deməyəcəyəm. Sonralar atam hər dəfə Moskvaya gələndə mən ona, necə deyərlər, oxuduğum əsərlər haqqında hesabat verirdim...
Bir dəfə, yenə də Moskvada, mehmanxanada ədəbiyyatdan, kitablardan söhbət edirdik. Atam söhbətin sonunda dedi:
-Eh, deyirəm ki, adamın imkanı ola, ucqar bir yerə çəkilib səhərdən axşama qədər oxuya. Ömrü keçir, amma cild-cild kitablardan insanın xəbəri olmur...
İndi mən hər dəfə atamın kabinetinə ayaq basanda onun kitablar və bədii ədəbiyyat haqqında dediyi sözlər qulaqlarımda səslənir: “Oxu, bacardıqca oxu, oxumaqdan hələ heç kəs zərər çəkməyib...”. “Mən dünya ədəbiyyatını vərəqləmişəm, amma yadımda düşəndə bir kitab var, onu oxuya bilməmişəm, min dəfə heyifsilənirəm...”. “Bu kitablar olmasaydı, mən indiyəcən yazdıqlarımın heç yarısını da yaza bilməzdim...”.
Bir hadisə ömrüm boyu yadımdan çıxmayacaqdır. Bakıya, yay tətilinə gəlmişdim. Axşam saat on bir radələrində bilmirəm, nə iş üçünsə atamın yanına - kabinetə girdim. Mənim ayaq səslərimi eşidib başını qaldırdı. Mən onun yaşarmış gözlərini gördüm. Sözün düzü, özümü itirdim. Hələ indiyə kimi heç bir vaxt atamı gözüyaşlı görməmişdim. O, məni yanına çağırıb əlində tutduğu “Hop-hopnamə”ni stolun üstünə qoydu və kövrəlmiş bir səslə dedi:
-Deyirəm, görəsən Sabir yüz il yaşasaydı, dünyanın beli qırılardı?! Eh, namərd dünya! Sən Sabiri oxumusanmı?
Cavab verdim ki, oxumuşam.
-Oxu, həmişə oxu. Yoldaşlarına da de ki, oxusunlar, - deyə atam bir an susdu, sonra əli ilə kitab şkaflarını göstərdi.
-Bax, mən dünyanı tutub durmayacağam... Bu kitabların hamısı sənin olacaq. Əgər bir gün sən bu otağa girib kitablardan birini vərəqləməsən, onu bil ki, mən qəbirdə də bundan xəbər tutacağam...
Ardı var...
Müxbir – Günel Alıyeva