İlhamə Qədimova: İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur
Bakı, 8 sentyabr, AZƏRTAC
Fermer üçün iqlim təhlükəsi heç vaxt sadəcə meteoroloji hadisə deyil. Quraqlıq məhsul itkisinə səbəb olur. İsti hava dalğaları bitkilərin məhsuldarlığını azalda və heyvandarlıqda ciddi istilik stresi yarada bilər. Güclü yağıntılar və daşqınlar əkin sahələrinə və kənd infrastrukturuna zərər vurur. Su qıtlığı isə bəzi hallarda məhsul istehsalının mümkün olub-olmayacağını müəyyən edən əsas amilə çevrilir. Kənd təsərrüfatında isə vaxt həlledici əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən “Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə süni intellektin inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusunda panel sessiyada kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavininin sözlərinə görə, təhlükə barədə hətta 24 saat əvvəl verilən xəbərdarlıq potensial zərərin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verə bilər. Lakin Kənd Təsərrüfatı Nazirliyinin baxışına görə, məsələ bununla məhdudlaşmır. Yalnız təhlükəni əvvəlcədən proqnozlaşdırmaq kifayət deyil.
"Biz proqnozu fermer üçün vaxtında, anlaşılan və konkret fəaliyyətə imkan verən qərara çevirməliyik. Məhz bu baxımdan rəqəmsal transformasiya və süni intellektəsaslı həllər mühüm imkanlar yaradır. Azərbaycanda iqlim dayanıqlılığının təmin edilməsi getdikcə daha sistemli şəkildə aqrar siyasətə, investisiya yanaşmalarına, texnoloji yeniliklərə və fermerlərə dəstək mexanizmlərinə inteqrasiya olunur.
Həmin yanaşma yeni “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aydın şəkildə öz əksini tapıb. Dövlət Proqramı resurslardan səmərəli istifadəyə, iqlim dayanıqlılığına və ekoloji tarazlığa əsaslanan inkişaf modelini müəyyən edir. Proqram çərçivəsində torpaq və su ehtiyatlarının daha səmərəli idarə olunması, müasir suvarma texnologiyalarının daha geniş tətbiqi, rəqəmsallaşma və innovasiyanın təşviqi, eləcə də iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur.
Beləliklə, bizim üçün erkən xəbərdarlıq ayrıca texnoloji layihə deyil. Bu istiqamət milli aqrar inkişaf siyasətimizin tərkib hissəsinə çevrilir. Eyni zamanda, bu keçidi dəstəkləmək üçün zəruri rəqəmsal imkanları formalaşdırırıq. Nazirliyin aqrar sahədə süni intellekt proqramı iqlim stansiyalarından daxil olan məlumatlar, peyk və məsafədən zondlama müşahidələri, dronlar, sahə məlumatları, torpaq analizləri, sensorlar və kənd təsərrüfatı texnikalarından əldə edilən məlumatlar kimi müxtəlif mənbələri bir araya gətirərək aqrar monitorinqin və qərar qəbuletmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edir", - deyə İ.Qədimova bildirib.