İribuynuzlu heyvanların diri çəkisinə, dəri və yunun təhvilinə məhsul subsidiyaları verilməyə başlanılır VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
İntensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəki üzrə 0,40 manat məhsul subsidiyası veriləcək.
AZƏRTAC xəbər verir ki, subsidiyanın tətbiqi üçün EKTİS-də bəyan, heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiyası və sığortası, eləcə də qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunacaq.
Dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilmiş iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0,30 manat/ədəd, yuna isə 0,30 manat/kiloqram məhsul subsidiyası tətbiq ediləcək.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.