Nasar Hayat: Azərbaycan iqlim dialoqu və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Hər zaman vurğuladığım kimi, kənd təsərrüfatı bəşər sivilizasiyasının bünövrəsidir. Lakin bu bünövrə hazırda təhlükə altındadır və bununla bağlı tədbir görmək bizim öhdəliyimizdir. Çünki kənd təsərrüfatı olmasa, ərzaq olmaz, ərzaq olmasa, iqtisadi artımın digər sahələrindən söz gedə bilməz.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat söyləyib.
Azərbaycan Hökumətini və onun tərəfdaşlarını qlobal iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin liderliyini və sadiqliyini bir daha nümayiş etdirən bu mühüm tədbirin təşkili münasibətilə təbrik edən Nasar Hayat deyib: "Liderliyinin göstəricisi kimi, ötən illər ərzində Azərbaycan iqlim dialoqu və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib. COP29-a uğurla ev sahibliyi edilməsi iqlim fəaliyyəti istiqamətində praktiki həllər irəli sürmək üçün hökumətləri, beynəlxalq təşkilatları, inkişaf üzrə tərəfdaşları, özəl sektoru və vətəndaş cəmiyyətini bir araya gətirərək mühüm bir mərhələ oldu. COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"nün təqdim edilməsi Azərbaycanın kənd təsərrüfatını və kənd icmalarını qlobal iqlim gündəliyinin mərkəzində saxlamaq əzmini bir daha sübut etdi".
Onun fikrincə, bu təşəbbüsün gətirdiyi ən mühüm yeniliklərdən biri fermerləri dəstək mexanizmlərinin birbaşa mərkəzinə gətirməsidir. Bu, sadəcə hökumətlərin və beynəlxalq təsisatların üzərinə götürdüyü öhdəlik deyil, həm də fermerlərin bu dialoqa və dəstək prosesinə fəal inteqrasiya olunmasıdır.