Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Bakı, 8 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan yerləri üzrə ixtisas seçimi elan edir. İxtisas seçimi sentyabrın 8-dən 10-dək aparılır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib müvafiq internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi-qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.