Nazir müavini: İqlim stansiyaların ümumi sayı 181-ə çatdırılacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
Hazırda 151 iqlim stansiyası hava proqnozlarının hazırlanması üçün məlumat təmin edir. Əlavə 30 iqlim stansiyasının quraşdırılması planlaşdırılır ki, bununla da şəbəkədəki stansiyaların ümumi sayı 181-ə çatdırılacaq. Lakin məlumat yalnız fermer üçün konkret xidmətə və faydaya çevrildiyi zaman real dəyər yaradır. Məhz buna görə süni intellekt proqramımız bitki sağlamlığının monitorinqi, xəstəlik və zərərverici risklərinin qiymətləndirilməsi, məhsuldarlığın və suya tələbatın proqnozlaşdırılması, eləcə də suvarmanın idarə olunması kimi praktik tətbiqləri əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən “Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə süni intellektin inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusunda panel sessiyada kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Onun sözlərinə görə, yalnız texnologiya hesabına iqlimədavamlı kənd təsərrüfatı qurmaq mümkün deyil. Bu, Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü mühüm mesajlardan biri idi. Kənd Təsərrüfatı Nazirliyi tərəfdaşlarımızla birlikdə 2024-cü ildə COP29 çərçivəsində təqdim edilmiş Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün hazırlanmasına töhfə verib. Harmoniya sadə, lakin mühüm bir yanaşmaya əsaslanır: kənd təsərrüfatı sahəsində iqlim fəaliyyəti üzrə yeni və bir-birindən ayrı təşəbbüslərin sayını artırmaq əvəzinə, mövcud səyləri əlaqələndirmək, əməkdaşlığı gücləndirmək və iqlim maliyyəsinin, biliklərin, texnologiyaların və potensialın gücləndirilməsi imkanlarının onlara ən çox ehtiyacı olanlara, xüsusilə kiçik fermerlərə, kənd yerlərində yaşayan qadınlara və gənclərə, çatmasını təmin etmək lazımdır.
Nazir müavini qeyd edib ki, təşəbbüs, eyni zamanda, kənd təsərrüfatı, ərzaq və su sistemlərinin bir-biri ilə sıx qarşılıqlı əlaqədə olması prinsipinə əsaslanır.